“Facebook”da çox az qadın tapmaq olar ki, qadın hüquqsuzluğundan, qadın haqqlarının tapdanmasından, qadınların mentalitet qurbanına çevrilməsindən şikayətlənməsin, kişi diqqətsizliyindən gileylənməsin.
Son bir neçə ildə isə bir qrup oxumuş, ziyalı, modern kişilər “qadın haqqlarının qoruyucuları”na çevriliblər.
Və bu da onları “Facebook”un sevimlisi edərək qadınların gözündə az qala ilahiləşdirir. Axı necə də ilahiləşdirməsin.
Çox qadının şüur altında yatan, nəinki dilinə gətirməyə, hətta düşünməyə belə cəsarət etmədiyi şeyləri təbliğ edirlər. Bir də gördün pafoslu bir status guppuldadır: “Qadınlara azadlıq, qadın sizin qulunuz deyil! Qadınlar, siz qabyuyan deyilsiz, bozbaş iyi verən Tükəzban olmayın. İstədiyiniz kişi ilə görüşmə, öpüşmə, sevişmə, daha nə bilim nə hoqqadan çıxma haqqınız var, bağ belə, bostan elə.”
Bahoo qadınlı-kişili hamı axışır statusa, qadınların gözləri parlayır, kişilərin ağzı sulanır. O tərəfdən bütün kişilər tökülüşüb yazırlar, alə həri, brat, qadın da insandı, yaşamağa haqqı var falan, filan.
Bu statusları və onun altındakı rəyləri gözləri parlaya-parlaya oxuyan qadınlar da düşünür: “can, ay can, belə gözəl düşünən kişilər var.” Həmin kişilər qadınların gözündə qəhrəmana, cəngavərə çevrilir. Təbii ki, belə bir kişi ilə münasibət qurmaq istəyi yaranır. Sonra da həmin statuslara rəy yazan, like edən qadınların ən gözəgəlimlisini, ən romantikini və ya ən gileylisini, zəif nöqtəsi olanı gözaltı edib öncə rəyini like edir, sonra dostluq, mesaj göndərir. Və beləliklə, qadın tora düşmüşdür.
O qadın qoruyucuları, mentalitet düşmənləri azad fikirli insanlar arasında səmimiyyətinə inandığım çox az adam var, o yazılar bizim qadınların beynini elə dumanlandırır ki, arxasındakı əsl niyyəti anlamırlar, o adamı gözlərində az qala ilahiləşdirirlər və pis niyyəti ağıllarının ucundan belə keçirmirlər. Pis ki, qadınların kumirinə çevrilmək, onları asan əldə edə bilmək üçün düşünülmüş siyasət desək daha doğru olar. Bir çox qadın belə müasir kişinin qucağına atılmağa dünəndən hazırdı. Axı bu kişi onun haqqında pis düşünməyəcək, pozğun hesab etnəyəcək.
Amma inanın ki edəcək, hələ adınızı civi, miviyə çıxaracaq, “qadınlar mənə belə yazır, padxod edir” deyərək qürrəllənib inboxda onlara güvənib yazdığınızı statuslara daşıyacaq. İndi deyəcəksiniz ki, mən pis niyyətliyəm, belə gözəl fikirlərə pis don geydirirəm, pisə yozuram. Vallah yox, ay xanımlar. Mənim mesaj qutuma gələn mesajlardan sizə də gəlsə və azca düşünmə qabiliyyətiniz olsa, siz də bu nəticəyə gələrsiniz. Adətən, belə başlayır mesajlar: Mən qadın düşkünü deyiləm.
Hər qadına yazıb narahat etmirəm falan filan. Əlbəttə, saf, xəyallarda yaşayan qadın buna inanar, amma mən inanmaram.
Lap tutaq ki, səmimiyyətinə inandım, ya da özümü inanmış kimi göstərdim, ünsiyyətə girdim ki, normal adam kimi söhbət edək. İki-üç kəlmədən sonra söhbəti fırladır intim mövzulara.
Görürsən ki yox, elə “tema həmin temadır” Söhbətdən yayınsan əvvəl bir az yenə qadın haqqlarından nağıl danışırlar.
Yox görəndə ki, bu həna o hənadan deyil “Ehh mən səni müasir, düşüncəli qadın hesab edirdim, sən də fatmanisə imişsən ki” deyib ağız əyirlər.
Deməli, bunlara görə qadın azadlığı, müasirliyi hər kişi ilə açıq aşkar seksdən danışmaq və hər gözəgəlimli, şirin sözlərlə, komplimentlərlə səni yağlayan kişiyə ayaqlarını aralamaqdır. Görəsən, bu “müasirliyi” öz ailələrində tətbiq edirlərmi? Əlbəttə yox.
Ailədə mühafizəkar mentallar burda modern cəngavərlərdir. Bunların dərdi-səri ayaqların arasından istifadə etməkdi, vəssalam. Statuslarında başqa kişilərə yanıq deyib qınayan bu “kitab oxuyanlar” ın həmin yanıqlardan yeganə fərqi “akademik yanıq” olmalarıdır. Bir yazar dost demişkən “hər kişi bir az yanıqdır”.
“Facebook” kişilərinin hamısı alicənabdı, demokratdı, müasirdi, ziyalıdı, qadına qarşı nəzakətlidi, qadına əl qaldırmır, özü ilə eyni hüquqda hesab edir. Nəzərə alsaq ki, bizim kişilərin yarıdan çoxu “Facebook” istifadəçisidi, bəs onda çöldə niyə bu qədər odun və öküz kişilər var? İstisnalar həmişə var.
Xətrini istədiyim, hörmət etdiyim, inandığım KİŞİ dostlarım inciməsin yazdıqlarımdan. Bu yazının öz ünvanları var.