Sağlam ailə və sağlam övlad istəyirsiniz?

in az •  8 years ago  (edited)

Elə isə, nikahdan əvvəl müayinəyə gedin

Bir neçə il əvvəl talassemiyalı xəstələr haqqında yazı hazırlayırdım.Bu səbəbdən də bir neçə talassemiyalı xəstənin valideyni ilə görüşdüm. Ədilə xanım da onlardan biri idi. Onun iki övladında da bu xəstəlik aşkarlanmışdı. Qeyd edim ki, ölkəmizdə bu cür xəstələrın müalicəsində maksimum yaş həddi 20-25-dir. Yəni, Ədilə xanımın övladları hər gün bir az da ölümə yaxınlaşırlar. Ana üçün bundan dəhşətli nə ola bilər? Ancaq bu məsələdə ən dəhşətli məqam odur ki, övladlarının bu xəstəliyə tutulmasına səbəb Ədilə xanım və onun həyat yoldaşı, bəlkə də, bütün cəmiyyətdir. Çünki bütün talassemiyalı xəstələrin valideynləri kimi Ədilə xanım həyat yoldaşı ilə birlikdə ailə qurmadan öncə müayinədən keçmiş olsaydı, bəlkə də bu ailə qurulmaz və həmin xəstə uşaqlar dünyaya gəlməzdi. Nə qədər acınacaqlı olsa da, bu bir gerçəklikdir. Çünki həmin uşaqların talassemiyalı xəstə olaraq dünyaya gəlməsinə səbəb onların hər iki valideyninin bu xəstəliyin daşıyıcısı olmasıdır. Daşıyıcı olub-olmadığını öyrənmək isə çətin deyil, bir qan analizi ilə bunu müəyyən etmək olur. Ədilə xanım da bir çoxları kimi əvvəldən müayinə olunmaqla bu hadisələrin yaşanmasının qarşısını ala biləcəyindən xəbərsiz olduğunu və çox peşmançılıq çəkdiyini deyir. Əlbəttə, sonrakı peşmançılıq həmin uşaqların bu qədər ağır bir xəstəliyə yoluxmalarının qarşısını ala bilmir. Bu peşmançılıq övladı və ya övladları bu xəstəliyə tutulmuş bütün valideynlərin keçirdiyi ortaq hissdir. Bəlkə də, onların sonrakı peşmançılığında bir səbəb də elə bizlərik. Çünki bizim kimi cəmiyyətlərdə hələ də insanlar nikahdan əvvəl tibbi müayinənin mahiyyətini dərk etmirlər. Demək olar ki, bu müayinədən keçənlərə rast gəlmək də mümkün deyil. Düzdür, qanunda ailə qurmadan əvvəl tibbi müayinədən keçilməsi məsələsi göstərilib. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13.1. maddəsində göstərilir ki, “Nikaha daxil olan şəxslərin tibbi müayinəsi, habelə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların razılığı ilə yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir”. Amma bəlkə də bu iş könüllü olduğundan insanlar hələ də buna könülsüz yanaşır. Elə bu səbəbdən də artıq Milli Məclisdə nikaha girən şəxslərin tibbi arayış almasının məcburi olacağı ilə bağlı müzakirələr aparılır. Bəs görəsən, məcburi müayinə problemi həll edəcəkmi? Əvvəldən müayinə olunmaq hansı xəstəliklərin qarşısını ala bilər? Bu sualların cavabını ekspertlərlə birgə axtardıq.


source

“Azərbaycan irsi xəstəliklərin geniş yayıldığı ölkələr sırasında önəmli yerlərdən birini tutur. Bir çox ailələrin əsas problemləri bu tibbi problemlər nəticəsində olur”. Bu sözləri millət vəkili Gülər Əhmədova məsələyə münasibət bildirərkən dedi. Millət vəkili mentalitetə və ənənələrimizə görə, elçi gedəndə kimdə hansı xəstəliyin olması ilə bağlı danışmağın düzgün qəbul olunmaması məsələsinə də toxundu. “Düşünürəm ki, əksinə bütün problemlər elə elçilik zamanı danışılmalıdır. Münasibətlər dərinləşəndən, insanlar arasında ciddi bağlar yaranandan sonra hansısa addımı atmaq çətin olur. Bu məsələ həmçinin qanunlarda da göstərilməlidir”. Gülər xanım məcburi tibbi müayinə ilə yanaşı nikah müqavilələrinin də bağlanmasının önəmli olduğunu vurğuladı. “Nikah müqavilələrinin də bağlanması da çox önəmli bir prosesdir. Çünki boşanan insanların ən çox mübahisələri əmlak üstündə olur. Düşünürəm ki, hər iki məsələni- həm nikahdan öncə tibbi müayinə, həm də nikah müqaviləsi qanunlarda da əks olunmalıdır. Artıq problemlərin nəticələrini aradan qaldırmaqla yox, problemlərin yaranmaması üçün primitiv metodlardan istifadə etməliyik”.

Sosioloq Rafiq Təmrazov sağlam bir ailənin formalaşması üçün nikahdan əvvəl tibbi müayinənin çox önəmli olduğunu deyir. “İnkişaf etmiş Qərbi Avropa ölkələrində bu proses artıq tətbiq olunub. Ölkəmizdə də nikahdan əvvəl insanların tibbi müayinədən keçməsinə həm bölgələr, həm də paytaxtda ehtiyac var. İstər qadın, istərsə də kişidə bəzən elə problemlər olur ki, məhz həmin iki insanın ailə qurmasında ortaya çıxır. Ona görə də əvvəldən tibbi müayinənin aparılması çox önəmlidir. Əks halda bu həmin ailənin uşaq sahibi ola bilməməsi, xəstə uşaqların dünyaya gəlməsinə səbəb olur. Bəzən elə olur ki, qız və ya oğlanın bir xəstəliyinin olmasını hamı, ailəsi, yaxınları bilir, amma bunu qarşı tərəfdən gizlədirlər. Qarşı tərəf yalnız ailə qurandan sonra xəbərdar olur, bu da boşanma ilə nəticələnir”.

Sosioloqun da dediyi kimi bir çox hallarda sonradan aşkarlanan xəstəliklər yeni qurulmuş ailənin dağılmasına səbəb olur. Bu da əlbəttə, yeni problemlər yaradır. Ilk növbədə həmin insanlar bir çox psixoloji problemlər yaşayır, bəzən bu səbəbdən bir daha ailə qurmurlar. Bunun bir səbəbi həmin insanların öz istəyi ilə bağlı olsa da, bəzi hallarda cəmiyyətdə həmin insanlara olan münasibətdir. Nəticədə isə, cəmiyyətdə özünə inanmayan, psixoloji problemləri olan, boşanmış insanların sayı artır. Rafiq müəllim də vaxtında müayinə olunmamağın ailələrin dağılmasına, bunun da ayrı-ayrı fərdlərin həyatında bir sıra problemlərə səbəb olduğunu vurğuladı. “Dağılan ailələr özü ilə yeni bir problem gətirir-mülkiyyət hüquqları məsələsi meydana çıxarır. Başqa bir problem boşanmış qadınların yenidən ailə qurması ilə bağlıdır. Eyni zamanda həmin qadının sosial təminatının ödənilməsi, onun yenidən həyata adaptasiya olunması və .s bu kimi problemlər mövcuddur. Bu prosesdə kişilər də əziyyət çəksələr, həmin qayğılar, probemlərlə daha çox qadınlar üzləşir”.

Qanun dəyişir, bəs düşüncə?

Qanunların dəyişməsi ilə yanaşı insanların da bu məsələdə fikirlərinin dəyişməsinə ehtiyac var. Çünki əksər insanlar müayinəyə getməyi əksiklik kimi qəbul edir. Onlar “mən xəstəyəm ki, həkimə gedim?” və yaxud müxtəlif bəhanələr gətirirlər, məsələn, “bizim üçün övlad yox sevgi əsasdır”, ancaq bunlar hamısı problemdən qaçış yollarıdır. Çünki nə qədər güclü sevgi də olsa, bir ailənin mövcudluğu, uzun ömürlü olması üçün övlad əsas şərtlərdəndir. Xüsusən də, bizim kimi cəmiyyətlərdə. Ona görə də, məsələnin həlli üçün insanların da düşüncələrinin dəyişməsinə ehtiyac var. Gülər Əhmədova şüurlarda dəyişikliyi qanunlarla da etməyin mümkün olduğunu deyir. “ Düşünürəm ki, bunun təkamül yolu ilə baş verməsini, insanların nə zaman buna hazır olacağını gözləmək doğru yol deyil. Çünki insanların təhsil, mədəniyyət səviyyələri, dünyaya baxışları, informasiya bazaları müxtəlifdir, ona görə də bu qanunda konkret şərt kimi irəli sürülməldir. İnanıram ki, bu məsələlərin qanunda əks olunması çox doğru addımdır və hər bir ailə üçün müsbət dəyişikliklər yarada biləcək”. R.Təmrazov qanunların işləməsinin bəzən çətin olduğunu desə də, insanların bu dəyişikliyə tez uyğunlaşacağını bildirdi: “Bu qanunun işləməsi ictimai şüurun hansı formada olmasından da asılıdır. Praktika sübut edir ki, Azərbaycan kimi ölkələrdə elə qaydalar olur ki, onu qanunla idarə etmək çətin olur. Amma bununla yanaşı qanunun olması çox önəmlidir, çünki bu zaman insanlar üzərində məsuliyyət hiss edir, həmçinin yaranacaq problemi həll etmək üçün müəyyən bir müstəvi olur”. Sosioloq həmçinin qanunun əhəmiyyətindən də danışdı: “Belə qanunların hazırlanmasına və işləməsinə ehtiyac var. Bununla yanaşı insanların da şüurunda dəyişiklik etmək üçün maarifləndirmə işləri aparılmalıdır.

Psixoloji cəhətdən bu prosesə hazırlamaq lazımdır. Düşünürəm ki, Azərbaycan cəmiyyəti bu prosesə tez adaptasiya olacaq. İnsanlar başa düşəcək ki, bu həm qadın, həm də kişi üçün çox əhəmiyətlidir və onları sonrakı bədbəxtçiliklərdən qoruyacaq”.

Müayinə övladlarınızı hansı xəstəliklərdən qoruyacaq...

Nikahdan əvvəl tibbi müayinənin əhəmiyyətindən danışarkən genetik Samirə Güləhmədova bir çox genetik xəstəliklərin əsasən, qohum evliliklərində müşahidə olunduğunu bildirdi. “Bu zaman da xəstə uşaqlar dünyaya gəlir. Bəzən kişi və qadında müəyyən patoloji dəyişikliklər onların sağlamlığına təsir etməsə də, övladlarında həmin dəyişikliklər özünü göstərir. Əvvəlki illərə nisbətən indi gənclər müəyyən xəstəliklərə görə, genetiklərə daha çox müraciət edirlər. Nəinki qohumluq əlaqələri olanlar, hətta yad insanlar belə genetiklərə müraciət etməlidirlər. Bu da gələcək nəsillərin daha sağlam olmasına təsir göstərir. Ancaq təəssüf ki, hələ də irsi xəstəliklərin araşdırılması üçün müəyyən universal proqram yoxdur və hər bir xəstəliyin öz diaqnoztikası var”. Genetik gənclərin mütləq nikahdan əvvəl tibbi müayindən keçməsini bildirdi. Onun sözlərinə görə, bu müayinə nəticəsində bir çox təhlükəli xəstəlik əvvəldən aşkarlana və xəstə uşaqların da dünyaya gəlməsinin qarşısı alına bilər. “Ümumiyyətlə, hər bir xalq müəyyən patoloji genlərin daşıyıcısıdır. Bizdə əsasən, bu talassemiyada özünü göstərir. Bu xəstəliyin patologiyası 70-80-ci illərdə daha dərindən öyrənilib. Ümumiyyətlə, əvvəldən müayinə olunmaqla bir çox gen xəstəlikləri- talassemiya, eşitmə pozğunluğu, kəskin tromboz, daun sindromu, kəskin fibroz, skalyoz və bir çox damar xəstəlikləri kimi geniş yayılmış xəstəliklərin qarşısını almaq olar”.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Congratulations! This post has been upvoted from the communal account, @minnowsupport, by evariste from the Minnow Support Project. It's a witness project run by aggroed, ausbitbank, teamsteem, theprophet0, and someguy123. The goal is to help Steemit grow by supporting Minnows and creating a social network. Please find us in the Peace, Abundance, and Liberty Network (PALnet) Discord Channel. It's a completely public and open space to all members of the Steemit community who voluntarily choose to be there.

If you like what we're doing please upvote this comment so we can continue to build the community account that's supporting all members.