Çox zaman ilk dəfə gördüyümüz insan haqqında fikir yürüdürük. Zamanla ya haqlı çıxırıq, ya da yanılırıq. İlk görüşdən haqqında pis düşündüyümüz insanlar da olur. Bu isə önyarğıdır. Önyarğı yalnız insanlar haqqında pis fikir yürütmək deyil, əşyalar, məkanlar və digər şeylər haqqında ilk görüşdən, bilmədən pis düşünmək də önyarğıdır. Amma əsasən insanlar haqqında önyarğılı davranırıq. Bəzən insanlar o qədər önyarğı ilə hərəkət edirlər ki, heç həmin insanı tanımaq belə istəmirlər. Tanımamalarına baxmayaraq ona pis davranırlar. Amma bu düzgün deyil. Düşüncələriniz çox zaman haqlı çıxsa belə yanılma ehtimalı da var və siz onu nəzərə almalısınız. Empati qurmağı bacarmalısınız. Yəni özünüzü qarşınızdakının yerinə qoymağı bacarmalısınız. İnsanlar sizi tanımadan, sizə pis davransalar necə hiss edərsiniz? Bu sualı özünüzə versəniz, önyarğının necə pis bir şey olduğunu anlayacaqsınız.
Düzdür, hər birimizin qarşısına ilk baxışdan mənfi aura aldığımız, haqqında pis düşündüyümüz insanlar çıxır. Amma biz onlarla düşüncələrimizə görə rəftar etmək yerinə, ilk öncə bir şans verib onları tanımalı, düşüncələrimizin haqlı və ya haqsız olduğunu müəyyən etməliyik. Əminəm ki, hər kəsin həyatında ilk baxışda pis düşünüb sonra çox yaxın olduğu insanlar olur. Əgər həmin insanlara olan önyarğılarınızı bir kənara qoymasaydınız, onlara bir tanıma şansı verməsəydiniz, həyatınızda olmayacaqdılar, tam sizlik olan, çox yaxın ola biləcəyiniz bir insanı itirəcəkdiniz. Bu da düşüncələrin hər zaman haqlı çıxmadığının və önyarğılı davranmamalı olduğumuzun sübutudur. Önyarğılardan əl çəkin və insanları tanıdıqdan sonra haqlarında fikir söyləyin və ona görə davranın.
Oxuduğunuz üçün təşəkkürlər.
Foto pixabay saytından götürülmüşdür.