Pandemiya dövrünün dostu "Süzgün"

in hive-131355 •  3 years ago 

ec739846-e13d-4f58-9d78-f309d6dee400.jpg

Yaxın oturun. Sizə dünyamızı sarmış pandemiya təlaşı (2020)başlayandan bizə pənah gətirmiş qağayıdan danışım.
Küçəyə çıxmaq qadağası ilə üzləşdiyimizdən əvvəllər tez-tez baxmadığımız pəncərinin qabağında bitməyimiz normal idi. Bəlkə də indi öz yaxınımız kimi qəbul etdiyimiz "Süzgün" də bunu fərq etmişdi. Hər səhər gəlir, bir qismət payını yeyib uçurdu. Sonra kəşf etdik ki, bu quş pəncərəmizə elə-belə gəlmir. Qarşı binanın damında 2 balası da var. Kəşfimizdən sonra onu daha yaxşı bəsləməyə başladıq. Adətən pişik yemi yedirirdik, sonra yeməyinə zamanla toyuq ciyəri parçaları da əlavə etdik. Beləcə, günü-gündən dostluğumuz artdı və bərkidi. Süzgün bir ara sosial hesablarımda da fenomen oldu. Dostlar, onunla bağlı paylaşmaları gözləməyə başladılar. Elə bilirdik ki, onun pəncərəmizə hər gün gəlməsi müvəqqətidir. Bir gün uçub gedəcək. Ancaq elə olmadı. Artıq 2 ildir Süzgün bizimlədir və o ikinci dəfə (bizim bildiyimiz qədəriylə) dünyaya 2 bala gətirib. Və Süzgün hələ də bizimlədir. Bəzən pəncərəmiz açıq qalanda içəri girməyə belə cəhd edir. Pəncərəmizə qonarkən bir müddət başıaşağı dayanıb gözləyir. Sanki deyir ki, ey gözəl insanlar, Allahın ruzisindən ayırdığınız bir tikə mənə də varmı?
Süzgün ailədə hamının dostuna çevrilib. Bəzən çox ağ eləyəndə dalaşırıq da, bəzən gəlməyəndə darıxırıq da. Ancaq onunla həyat bir başqa oldu, xüsusən pandemiya dövründə.
Süzgün mənə Riçard Baxın - "Conatan Livinqston adlı qağayı" əsərini yenidən oxutdurdu və saytımızda onun şəkilləri ilə birlikdə kitabdan sitatlar paylaşdım. Riçard Bax - Conatan Livinqston adlı qağayı
Nə bilmək olar, bəlkə Süzgün bir gün bir hekayəyə çevriləcək, yaxud hansısa romanımda bir obraza bürünəcək. Hələ ki, bizimlədir, bu keşməkeşli ömür yolunda birgə addımlayırıq. Hər dəfə uçub gələndə bizə sevgini, dostluğu, uçub gedəndə isə göyləri göstərir Süzgün. Göylər isə bizə nə deyir, bilirsinizmi? Elə Riçard Baxın dediyini - Gözlərinə inanma! Onlar yalnız həddləri görürlər!

5d83741e-9b66-4f51-88f1-324060da3782.jpg
Süzgünün videolarını buradan izləyə bilərsiniz. :) Süzgün

@ceylanmumoglu

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Covid 19 həyatımızda silinməz izlər buraxdı, nə qədər çətinlik olsa da xoşbəxt nəsil sayılırıq, nəvələrimiz üçün danışacaq maraqlı mövzular olacaq, tarixi anlar yaşadıq, yaşayırıq.

Elədir.

Adı nə gözəldi, kim qoyub?

Adını elə facebookda qoydular)
Şair, tərcüməçi Azad Yaşar bəy qoydu Süzgün adını 🙂