Bundan illər - illər öncə idi. İlk dəfə idi ki "biləcəridən o tərəfə" keçmişdim. Həm də bir az uzağa, avropaya. Rutin bir həyatı olan adam düşünün, trolleybus kimi, qatar kimi eyni yolla gedib gələn adam... Birdən birə öz orbitimdən çıxmış kimi olmuşdum, başqa bir məkana düşmüşdüm.
Təhsil aldığım ölkəni küçə-küçə şəhər şəhər gəzirdim. Tətildə imkan olduqca başqa ölkələrə də gedirdik. Bir gün İsveçə getdik. Bir otelə düşdüm. Gecə idi. Səhər (ayıfda olmasın) hamama gedəndə güzgünün yanında maraqlı bir yazı gördüm. "Üzünüzü qırxdıqdan sonra üz qırxanı zibil qutusuna atmayın. Yan tərəfdə ki qutuya atın. İsveç polad sənayesinə bir üz qırxanla kömək edin".
Düzünü desəm, heyrətləndim. Uşaqlıqdan bəri polad məhsulları dedikdə ağlıma İsveç poladı gəlir. Bir çox əşyanın üzərində "İsveç poladından hazırlanmışdır" yazırdı. Bu ölkə kiçik işlənmiş ülgücünün belə çölə getməsini istəmir, onu qoruyur, iqtİsadiyyatının güclənməsi üçün xahişlə turistləri belə xəbərdar edir.
İsveçdə zaman-zaman radioda yada televiziyada elan xəbərlər verilirdi; "Bu saatda işçilərimiz gələcək. Xahiş edirik, hazırlığınızı edin. Əgər oxumadığınız, əhəmiyyət vermədiyiniz, istifadə etmədiyiniz kitablar, jurnallar, qəzetlər varsa, karton qutular varsa onu qapının qarşısına qoyun. İsveçin inkişafına kömək edin.. Ağaclar kəsilməsin, yaşıllıqlarımızı qoruyaq."
Yadıma bir türk atalar sözü düşdü:
Bir mıx bir nalı, bir nal bir atı, bir at bir sərkərdəni, bir sərkərdə bir ordunu, bir ordu ölkəni qurtarır...