Hər birimiz uşaqlıqdan bayram günlərində təzə paltar geyinib, adi günlərdə bişməyən yeməklərdən dadıb sevinmişik.
Əslində, bayram nədir? Niyə bu gün Müsəlman Şərqində bayramdır, amma Avropada yox? Bu gün bir çox ölkələrdə qeyri-iş günü olduğu halda, həmvətənlərimizin də yaşadığı Avropa və digər qərb dövlərlərində, Amerika qitəsində adi gündür. Eləcə də Pasxa bayramında , Milad bayramında bizim kimi müsəlman ölkələrində adi gün olacaq.
Xatirimdədir, Polşada yaşadığım illərdə martın 20-si iş günü idi. Mən isə həmin gün üçün bayram əhval-ruhiyyəsi yaratmaq üçün bütün kollektivə konfet paylayıb Novruz bayramından danışmışdım ( uşaqlıq etmişəm, bəlkə də).
Niyyətim həm özüm sevinib, həm də bu sevinci başqalarına yaymaq idi. Qismən də olsa, bacarmışdım. İndi gələk bayramların mahiyyətinə.
Əslində bayram anlayışı nədir? Niyə uydurulub?
Əvvəlcədən bildirim ki, heç bir dinə və millətə sataşmaq niyyətim yoxdur. Sadəcə mahiyyəti izah etməyə çalışıram.
"Dəliyə hər gün bayramdır" misalını eşitmisiniz?
Bax o misaldakı dəli mənəm.
Mənimçün hər gün bayramdır.
Mənimçün istirahət gününün dəqiq günü belə yoxdur.
Mənimçün ləzzətli yemək bişirmək və yemək üçün təqvim günü yoxdur.
Mənimçün təqvimin qırmızı günü – bayram günü mütləq istirahət etməliyəm deyə, qayda da yoxdur.
Belə izah edim, millət dincələndə mən işləyə bilərəm. Bu mənim üçün normaldır. Necə ki, millət işləyəndə mən özümə istirahət etməyə icazə vermişəm.
Bunu necə bacarmışam? Niyə seçmişəm?
Çünki insanları müəyyən qəlibə (oxu matrisaya) salan idarəçilər onlara yalnız barmaqla göstərilən günlərdə sevinməyə icazə verir. Bu da öz növbəsində digər günlərdə sevinməyi qadağan edir. Axı hər gün bayram etsən, səni “DƏLİ” hesab edərlər. Ona görə də millət ağlayanda ağlamalısan, Millət güləndə gülməlisən. Palaza bürün elnən sürün və s.
Bu gün məni təbrik etmədilərmi? Etdilər. Mən onlara kobudluq etdimmi? Qətiyyən! İnsanların seçimlərinə hörmət etmək lazımdır. “Heç kimlə mübahisə etmə” mənim devizimdir. Bu, uzun yaşamaq üçün çox faydalı məsləhətdir. Sizə də tövsiyyə edirəm.
Məni təbrik edənləri onlardan da yüksək pozitiv tonla təbrik etdim. Nə fərqi var, bu gün təqvimin hansı günüdür?! :) İnsanlara hər zaman pozitiv enerji ötürmək lazımdır. Bununçün günün fərqi yoxdur. Hə, bəzi fərqindəlikli insanlara bunu izah etmək olur, amma yerdə qalanlara sadəcə gülümsəmək və təbrik etmək lazımdır. Hətta istəməsən belə, səndən məhz bu gün təbrik gözləyən böyükləri diqqətdən kənarda qoymamaq lazımdır. Bu ikiüzlülükdürmü? Bəlkə də, hə. Bəlkə də, yox.
Yenə də deyirəm, axı təqvimin nə əhəmiyyəti var? Burda çox sevdiyim Cabir Novruzun sözlərinə yazılmış mahnı yada düşür. Rəşid Behbudovun ifasında çox sevirəm o mahnını. Tapıb siz də qulaq asın. :)
Tələsin, tələsin tələsir zaman,
Düzəlməz işə də düzəldi deyin,
Hərdən qocaya da gəncsən cavansan,
Hərdən kifirə də gözəldir deyin.
Bayramınız mübarək!!!
Məni aşağıdakı Sosial Mediya hesablarımdan da izləməyi unutmayın:
Facebook: https://www.facebook.com/HolisticMindTherapyst
Instagram: https://www.instagram.com/jala_hypnocoach/
Youtube: https://bit.ly/3qxrMWH
Steemit: https://steemit.com/@jale-85
Website: http://jaleabbasova.tilda.ws/
Əlaqə Formu: https://bit.ly/3qvVqLO