Salam. Günel Mövludun "yenə yerim sobaların yanıdı" - şeirinin tam da yeridi. Amma imkan yoxdu ki. Yolçuluq Bakıyadı. Elə bil Sibirdən çıxırsan.
Son 100 ilin ən soyuq qışı gələcək deyə - deyə 30 ilin ən soyuq qışını gətirdilər sinoptiklər. Üzləri ağ olsun. Bizim yaramız ağrıyır, onların harası ağrıyır?) Bakıya gəzməyə getmərik ki, həkimə gedərik, ya da nəsə bir problem həll etməyə.
Bütün problemlərə inad gülümsəməyi qərara almışam. Əslində gülümsəmək üçün səbəblərim də olmamış deyil. Taksidə çox zaman keçirdim. Biri rayondan nəsə sumka göndərib, kiməsə çatası. Bir sözlə, bütün Bakını gəzdik. Maşının şüşələri yaman çirklidi. Məsələn, bax bu uniformada olan qızları böyük məmnuniyyətlə çəkmək istəyərdim. Amma belə bir şəkil alındı.
Öz aramızdı, qadınlara uniforma kişilərdən daha çox yaraşır.
Nəhayət, gəlib çatdım evə. Gülay üçüncü imtahanı uğurla verib. Rəsm ləvazimatlarını töküb qabağına. Rəsm çəkmək istəyir.
Bu arada, həqiqətən Qəbələ ilə Bakı arasında iqlim cəhətdən yerlə göy qədər fərq var. Düzdü, Bakıda da isti deyildi hava. Amma Qəbələ büsbütün qara bürünüb.
Sabah isə böyük gündü. Həkimin tövsiyəsi ilə kontrola gəlmişəm. İçimdə yəqin məni o bahalı testlərə göndərməz adlı bir ümid də var. Nəysə, yaşayarıq, görərik. Bu qədər. Özünüzə yaxşı baxın.