Axşamınız xeyir. Necəsiniz? Bu səhər tezdən nənəmiz həyəcan təbili çaldı. "Gecə çox pis yuxular görmüşəm, hamıdan xəbər tut" - deyə məni zəng eləmədiyim yer buraxmadı. Və həqiqətən Vəndam bəd xəbərlə çalxalandı. Dünyanın ən gözəl qızı bu gün dünyaya vida etdi. Bilmirəm, sizdə necə olur, amma hər belə vaxtsız ölümlər məni möhkəm - möhkəm silkələyir.
Ölümlər çox gəncləşib, çox aniləşib, çox adiləşib. Ölüm bizim qonşumuza, qohumumuza, bir sözlə, ən yaxınımıza çevrilib. Hər zaman yolunu gözlədiyimiz bir qonağa çevrilib ölüm. Könül bir il idi ki, xərçəngdən əziyyət çəkirdi. Ali məktəb müəllimi idi. Daxilinin gözəlliyi, nəcibliyi üzünə də vurmuşdu. Könülün xəstə olması xəbəri hamını sarsıtmışdı. Amma həmişə bir ümid olur. Əslində ümid işgəncəni artırır, desəm qınamayın məni. Ucunda qaçılmaz bir ölüm var. Gəncəcik bir ölüm. Amma bir də ümid var. Ölümün qalib gələcəyini bilirsən, amma təslim olmursan bu gerçəyə. Uduzacağını bilə bilə.
Şəkilləri albomdan çəkmişəm.Ona görə bulanıq düşüb. Bayaq şəkilləri tökmüşük qarşımıza, baxırıq. Fikir vermisinizmi, sanki şəkillər də ölümü hiss edir. Şəkillərin bir qəddar özəlliyi də var. Bir də görürsən ki, yanında dayanan adam artıq dünyanı tərk etmiş. Sən bunu dəyişə bilmirsən. Bir gün sıranın sənə də gələcəyini bilirsən və bu aksiomadır. Sən bunu dəyişmək iqtidarında deyilsən. Çox acı və bədbin post oldu, bilirəm. Demək istəyirəm ki, sevdiklərinizi sevməyi sabaha saxlamayın. Sabah onları tapmaya bilirsiniz. Uzun ömür, cansağlığı... 🖐️
@steemcurator01