Salam Steemit.
Vaxt olduqca telefonun yaddaşını təmizləyəndə maraqlı qeydlər görürəm. Yeni bir romanla gəlmişəm.
Hər ömür romandi; uzun, ya qısa,
Şirin sevgiləri, acı səhvləri.
Sənin yaşadığın bu romanınsa
Nə çoxdu cırılan səhifələri.
Burda uc-ucadı doğruyla yalan,
Bəlkə, bu romanı yazan naşıdı?
Bu ağ varaqlarda ləkəsi qalan
Ya dodaq boyası, ya göz yaşıdı.
Çox da varaqlama bu romanı sən,
Qəflətən səksənmək təhlükəsi var.
Hansı varaqdasa bir də görərsən,
Hələ qurumayan qan ləkəsi var.
Bu kimin qanıdı? Bu nə qandı?
Kimin qatilisən? Kimin cəlladı?
Batır barmağını, bir vur dilinə,
Gör tanış gəlirmi bu qanın dadı.
Dadı yox, tamı yox, bu necə qandı?
Hardan bu varağa sızılıb bu qan?..
Bir yox, sənin ömrün iki romandi;
Biri tanrı yazan, biri sən yazan.
Tanrının yazdığı bu deyildi ki...
Bir dön ömrünə bax; otuz ildi ki,
Tanrının yazdığı o romanı sən
Korlaya-korlaya ömür sürürsən.
~Ramiz Rövşən