Salam, hər vaxtınız xeyir, Steemit Azərbaycan ailəsi.. Necəsiniz?
Hər fəslin özünə xas işləri, çətinliyi, gözəl anları var. Yaz fəsli gəldikdə hamı canlanır, sevinc olur insanda. Amma təbii ki bununla yanaşı yazın da bəzi çətinliyi var. Kənd yerində olanlar bunu daha yaxşı bilər. Çünki şəhərdə olan biri üçün bunun elə bir fərqi yoxdur. Kənddə yaz gəldi mi həyət yenidən təmizlənər, şum əkilər və bunun kimi bir çox iş.
Kəndçinin hər zaman işi zəhmətli olub.
Mən məktəb vaxtı məktəbdən gəldikdən sonra daha çox ev işlərində anama kömək edərdim. Anam həyətdə iş görüb evə yorğun çıxardı və çox vaxt axşama yaxın çıxardı. Tələsik yemək edərdi bəzi təmizlik işlərinə çatmazdı. Ona görə biz anama o işlərdə kömək edərdik. Yazda ən sevdiyim şey həyətdə iş gördükdən sonra tez bazar hazırlanan yeməklərdi. Soyutma kartof və yumurta, yeni çıxmış yarpızla qayğanaq və bir də ayran. Həyətdən yığılan göyərti, yaşıl soğan. Bir də təbii ki həyətdə içilən çay. Onun ləzzəti bir başqadır. Həyatda hər zaman kiçik şeylərdən xoşbəxt olmağı bacarıram, ailəmdən keçmiş olsa gərək.
Bu gün od çərşənbəsidir. Çərşənbəniz mübarək. Bizim tərəfdə tonqal yandırmağa icazə verilməsə də qardaşım sağ olsun şəkil atdı. Həvəsimi keçirmiş oldum. Necə deyərlər ağırlığımız, xəstəliyimiz, pis günlərimiz odda yansın..
Oxuduğunuz üçün minnətdaram.. Özünüzə yaxşı baxın.. Həmişə yaz abu havasında olasınız.. 💚