Salam, hər vaxtınız xeyir.. Necəsiniz, Steemit Azərbaycan ailəsi.. Tətil necə gedir?
On bir ayın sultanı Ramazan Bayramı gəlib çatdı. Bir ay oruc tutub nəfsinə hakim olduğun və sonunda min bir nemətlə bəzənən süfrə deməkdir mənə görə Ramazan bayramı. Hər kəsin bayramı mübarək. Tutulan orucların, edilən duaların qəbul olunduğu bir bayram olsun inşallah. 🙏🏻
Bayram dedikdə insanın ağlına həm həyatda olmayan yaxınları, onları ziyarət etmək, həm də həyatda olub da çox dəyər verdiyin insanlarla olmaq gəlir.
Bizim evdə bayram olduqda bir gün əvvəldən hər yeri təmizləyirdik. Anam yol qapının önünü də süpürtdürərdi bizə. Gələn qonaq təmiz yerdən keçib gəlsin. Əvvəllər çox anlamasam da indi çox yaxşı başa düşürəm. Əslində o qonağa qoyulan hörmətdən və sevgidən irəli gəlirdi. Hər yer təmiz olardı, sonra atamın paltarını hazırlayardı anam.
Bayram günü anam bizdən erkən qalxıb Ramazan bayramının olmazsa olmazı dolmanı bükərdi və sonra bizi yuxudan oyadıb süfrəni qurardıq.
Bəzi qonaqlar vardı çox erkəndən gələrdi. Mənim atam onlardandı. Çox tez durar və hər qohumu sırası ilə gedib görərdi. Böyüklü, kiçikli hər qohuma gedirdi atam. Sonra rəhmətə gedən qohumlarına quran oxudub evə gələrdi. Anam bayramın ilk günü evdən çıxmazdı, qonaq gələndə özü qarşılasın deyə. Biz də bacımla gedərdik bəzi qohumlarımıza. Yaxında olanlara gedirdik biz həmişə.) Günorta olduqda böyük əmim gələrdi bizə. Həmişə anama deyirdi ki hər yerdə çay içmişəm çay vermə mənə sizə yemək yeməyə gəlmişəm. Anamın dovğasın hamı çox sevir, dolmasın da elə. Yeməyi bizdə yedikdən sonra gedərdi əmim. Ya günortadan sonra ya da bayramın ikinci günü dayımgil gələrdi. O zaman əsl bayram başlayırdı. Yay ayına düşdükdə manqal, samovar çayı, həyətdə top oynamaq, yerə xalça sərib tum yemək.. Sonra bayramın ikinci günü anam gedərdi qohumları görməyə. Biz evdə qalırdıq ki gələn olar.
Yazmaqla izah olunmayacaq qədər doğma keçirdi mənim uşaqlığımda bayram. Gələn hər qonaq çox dəyərli idi bizimçün. Yediyimiz hər şirniyyat çox ləzzətli gələrdi bizə. Olunan hazırlıq heç yormazdı bizi.
Bele dəyərli oxucular.. Bizim evdə bayram bu cür olardı.. Sizə ən doğma gələn bayram hansıdır?