Hər səhər işə gələndə “20 Yanvar” metro stansiyasının Tbilisi prospektinə çıxışında səsucaldanın var gücü ilə bağırdığı “şedevr” əsərləri eşitmək zorundayam. Özgə çarəm yoxdur. Bizim tərəfdən bu istiqamətdə gələn yeganə marşrut məni hər gün bu “ecazkar” musiqi sədalarından, belə demək mümkünsə, “feyz olmağa” vadar edir.
Burada hər cür “musiqiyə” rast gəlmək olur. Amma ən dəhşətlisi meyxanadır. Meyxananı yeri gəldikdə xalq yaradıcılığı adlandıranlar var. Guya bu da folklor nümunəsidir, sənət əsəridir. Meyxana ifaçıları, şübhəsiz ki, millətimizin nümayəndələridir.
Düşünürəm ki, millətin hər nümayəndəsini xalq hesab etmək olmaz.
Xalq millətin yetkin, kamil, dəyərli bölümüdür.
Xalq millətin qaymağıdır.
Xalq milləti yaşadan, ruhunu qoruyan, yaxşı mənada millətin dəyişməz hissəsidir.
Xalq qarşısındakını əttökən ifadələrlə təhqir etməyi özünə layiq bilməz.
Xalqın sambalı var, ara sözlərlə, təhqirlərlə dolu meyxananı xalqın ayağına yazmağa çalışanlar onun ruhunu zədələmək istəyənlərdir, elə o meyxana səviyyəsində düşünənlər, meyxana səviyyəsində adamlardır.
Meyxanada ikrah doğuran tərəfi ədəb-ərkanın pozulmasıdır.
Meyxanada dilin başına it oyunu gətirirlər.
Dil həftəbecərləşdirilir, ikrah hissi oyadır.
Meyxana dili zənginləşdirməkdən çox onu öldürməyə xidmət göstərir.
Əvvəllər yalnız çırtıq çalmaqla müşahidə olunan, bayağı, “şalvar-bulvar” qafiyəsindən uzağa getməyən şairlik, son illərdə bəzi “istedadlı” meyxanaçı-manısların müdaxiləsindən sonra bəsit “musiqi” ilə mazata mindirilməyə başladı. Özünə “auditoriya” yığa bildi. Hətta televiziya kanallarında yarışı belə keçirilməyə, süni şəkildə populyarlaşdırılmağa cəhd göstərildi, az qala muğamdan sonra ikinci olmaq şansı qazandı.
Meyxana eşidən kimi gözümün önünə siqaret tüstüsü və ürəkbulandırıcı iydən nəfəs almaq mümkün olmayan, rütubətli qaranlıq sovet “podval” pivəxanaları gəlir. Qəribə də olsa, ən məşhur meyxana ustaları (ustaya bax ha!!!) nədənsə xırıldaya-xırıldaya oxumağa üstünlük verirlər. Belə məqamlarda elə bilirəm ki, onlar özlərini o pivəxanalarda hiss edir, o ağır, havasız yerin təsirindən boğulurlar, nəfəs ala bilmirlər deyə bu hala düşürlər.
Amma bununla iş bitmir.
Özləri xırıldamaqla kifayətlənmirlər, xalq yaradıcılığı adı altında xalqı da xırıldadırlar, boğurlar.
Bəlkə də, meyxanaya maraq göstərənlər onun mey xanasına düşə bilirlər deyə maraqlı gəlir.
Yoxsa ayıq başla meyxana dinləmək əzabdır.
Meyxanada meyə meyillilik, meyə çağırış özünü ifaçıların görkəmində də büruzə verir.
Xalq yaradıcılığında hazırcavablığın gözəl nümunəsi var: aşıq deyişməsi. Bunu həm ustad, həm də müasir aşıqlarımız çox ustalıqla, peşəkarcasına, sözlə musiqinin vəhdətindən ibarət parlaq nümunələrini yaradıblar. Bu zaman sözün bədahətən deyilməsi ilə yanaşı, sözün dərinliyi, mahiyyəti çox böyük əhəmiyyət kəsb edir. Üstəlik də, klassik aşıq şeirinin sonsuz imkanlarının nümayişinə çevrilirdi bu yarışlar. Mən meyxana yarışını aşıq deyişməsi ilə müqayisə etməkdən çox uzağam. Bu, mənim fikrimcə cinayət olardı, cahillik olardı. Yüz illərdir örnək söz deyişmə sənəti olduğu halda xalqın ikinci bir yarışmaya - həm də meyxana kimi - eytiyac duyması məntiqsiz olduğundan onu xalqın adına bağlamaq absurddur.
Amma nə edəsən, hər gün meyə meyil eyləməsəm də, meyxananın “yanından” keçmək əzabını yaşayıram..