Həyatınıza göz gəzdirəndə düçar olduğunuz uğursuzluqların səbəblərini başqalarında axtarırsınızsa, yaxın oturun, bu xəbər sizin üçündür.
Motivasiya kitabları bestseller "Həyatına şəfa ver" ("You Can Heal Your Life") olmuş Luiza Hey deyir ki, "Mən problemləri həll etmirəm. Düşüncəmi dəyişirəm. Onda problemlər öz-özünə həll olur".
Hər birimizin bu fikirlərə gələnədək keçdiyimiz əziyyətli, daşlı-kəsəkli, nahamar yolları olur. Amma bu yollar içində elə bir zaman yetişir ki, bizə şəfa verəcək fikirlər özləri çıxır qarşımıza və sanki hansısa sirli əl həmin fikirləri havada yaxalayıb şüurumuza ötürür. Bir zamanlar Luiza Heyə də bu cür fikirlər ustadları tərəfindən ötürülüb. Dediyim budur ki, Luiza Hey insanları müsbətə doğru dəyişməkdə motivə edən müəllimlərdən biridir. Bu cür motivatorlardan hər kəsin qarşısına başqaları da çıxa bilər, yetər ki, fərd özü təlim üçün, dərs almaq üçün hazır olsun.
Bu yaxınlarda Luiza Heyin təlimindən təsirlənib düşüncə tərzində dəyişiklik edən və onu narahat edən fikirlərdən xilas olub "azadlığ"a qovuşan bir müəllifin (Sara Fabian niki ilə yazan müəllif) yazısına rast gəldim. Müəllifin seçimləri mənim də diqqətimi çəkdi. Həmin yazıdan çıxarış etdiyim fikirləri sizlərlə də bölüşürəm.
Mükəmməllik arxasınca qaçmağı dayandırdım.
Mükəmməllik - illüziyadır, belə bir şey yoxdur. Artıq əvvəlki tək mükəmməliyə doğru deyil, "daha yaxşı" olmağa can atıram. Səhvlərimi qəbul elədim. İş prosesində hansısa uğursuzluqla qarşılaşdıqda təmkinlə qəbul etdim. Dərk etdim ki, bizlər ya qalib gəlirik, ya da dərs alırıq. Əsla məğlub olmuruq.Hər an hansısa işlə məşğul olmaq vacibliyi fikrindən daşındım.
Hər dəqiqə, hər saniyə nə iləsə məşğul olmaq vərdişi yaxşı əlamət deyil. Öz bədənimi dinləməyi öyrəndim və artıq hansısa işi görməyəndə özümü günahkar hiss etmirəm. Artıq bilirəm ki, bədənimin nə vaxt enerji ilə yüklənməyə ehtiyacı var və işləyib işləməmək haqqında kiməsə hesabat verməyə məcbur deyiləm.Özümü tənqidi dayandırdım.
Müəllif burda özünü tənqidi təmamilə dayandırmasından yazıb, özünü dəyərləndirməyi və özünə inamı yüksəltməyi təklif edib. Ancaq özünü tənqidi təmamilə dayandırmaq düzgündürmü? Bu yerdə müəlliflə razılaşmıram, çünki özünü tənqid də vacibdir, ölçünü qaçırmadan özünü tənqidin insanı inkişafa apardığını unutmayaq.
- Başqalarını günahlandırmağı dayandırdım.
İndi anlayıram ki, mən hər dəfə kimlərisə günahlandırdıqda özümə qurban rolu təyin edirmişəm. Dərk elədim ki, öz icazəm olmadan kimsə məni incidə bilməz. Başqalarını günahlandırmağa sərf etdiyim boş və mənasız saatları özümə, çıxardığım düzgün qərarlara və seçimlərimə yönəltməliyəm. Çünki bu günkü seçimlərim sabahkı gələcəyimin nəticələri olacaq.
- Başqalarını qiymətləndirməyi dayandırdım.
Bilirəm ki, həyat yolunda hər kəs öz yolu ilə addımlayır. Bu fərqli yollar arasında mənim işim öz məqsədlərimə konsentrasiya olmağa yönəlməkdir. Başqalarına deyil, özünə baxmalısan, özünlə məşğul olmalısan.
- Başqa insanların nə istədiyi, nə düşündüyü və nə hiss etdiyi haqqında beynimdə fərziyyələr yürütməyi dayandırdım.
Düşünürəm ki, müəllifin bu nöqtəni tapıb tətbiq etməsi onun üçün böyük nailiyyətdir. Çünki hər fərd çox zaman bu vacib məsələnin fərqində olmur və zehnini lazımsız nəsnələrlə məşğul edir. Üstəlik, zehnimizin bizimlə oynadığı oyunlardan çox vaxt xəbərsiz oluruq. İstəməsək də, beynimiz gün boyu filmləri axtarmayacağımız ssenarilər qurur və bizi həmin ssenarilərin təsiri altında qoyur.
- Başqaları ilə rəqabət etməyi dayandırdım.
Bu nöqtədə müəllif eqosunu tanıyıb və artıq dərk edib ki, başqaları ilə rəqabət etmək insana sadəcə özünü təsdiq üçün lazımdır. Özünü yaxşı hiss etmək üçün başqasının məğlub olmasını bilməyə ehtiyac yoxdur. İnsanlarla harmoniyada yaşamaq hər şeydən yaxşıdır. İnsanlığa sevgi olan yerdə rəqabət gərəksizdir.
Eqo haqqında geniş məlumatları "Aydınlanma səyahəti" kitabından öyrənə bilərsiniz.
- Gələcək xoşbəxtliyi inşa etməyi dayandırdım.
Əslində doğru qərardır. Hələ nə vaxtsa ola biləcək xoşbəxtliyə ilişib qalmaqdansa, bu günlə yaşamaq, indiki zamanda olmaq daha məqsədəuyğundur. Xoşbəxt olmaq üçün həftə sonunu gözləməyə gərək yoxdur. İnsan üçün hər gün hədiyyədir, hər gün xoşbəxtlikdir, hər dəqiqə, hər an dəyərlidir.
- Gələcək haqqında narahat olmağı dayandırdım.
Bu məsələ fərdə görə dəyişir. Kimisi üçün gələcək haqqında narahatlıq keçirmək, əslində rahatladır.
- Özümü başqalarına bəyəndirmək cəhdlərimi dayandırdım.
Nə qədər gözəl nəticədir. Doğrudan da, özünü başqalarına bəyəndirmək cəhdləri boş vaxt və mənasız enerji sərfidir. Başqa insanlar sizə öz prizmalarında baxırlar. Hər kəsin sizin haqqınızda öz fikri, yəqin etdiyi ehtimalları var. Və bu fikirlər, ehtimallar heç də hər zaman sizin istəklərinizlə eyniləşə bilməz.
Beləliklə, Sara Fabian niki ilə yazan müəllifin müxtəlif motivatorlardan oxuduğu kitablardan sonra gəldiyi nəticələrlə tanış olduq. Onları qəbul edə də bilərsiniz, etməyə də bilərsiniz. Qalaq-qalaq kitabları oxusaq da, hər birimiz üçün, ümumiyyətlə, bəşər övladı üçün ən vacib bir məsələ var. Mövcud olmaq üçün yox, yaşamaq üçün yaşamağı öyrənməliyik!