"Qadınlar zəifdir, analar qüvvətli" kəlamının həqiqət olduğuna necə inandım?

in hive-131355 •  3 years ago 

234859856_3028381560737337_4127688710575022508_n.jpg
Hər vaxtınız xeyir, dəyərli #steemitazerbaijan üzvləri!
Yəqin bu məşhur kəlamı xatırlayırsınız...
"Qadınlar zəifdir, analar qüvvətli". Viktor Hüqo yaradıcılığındadır. Yadımdadır, bu deyimi ilk dəfə oxuyanda heyrətlənib qalmışdım. Beynimdə ixtiyarsız sual yaranmışdı. Axı bu necə ola bilər? Qadın bir gün ana olur da, nə fərqi var?
İllər keçdi, yaşa doldum, özüm də ana oldum. Allahın şipşirin hədiyyəsini qucağıma aldım, qəlbimdən süzülən laylalarla onu oxşadım, şirin təranələrlə böyütdüm. Və qəribədir, analıq hissini yaşarkən özüm də böyüdüm sanki. Yuxusuz gecələrimi, ürəyimin qanını, qollarımın qüvvəsini, hamısını, hamısını verdim körpəmə, həm də böyük sevgi ilə.

95831764_2651600435082120_4131572940330237952_n.jpg

Günlərin bir günü əksər analar kimi mən də həyatın ağır sınağına tuş gəldim. Oğlum böyrək xəstəliyinə düçar oldu. Anidən gözləri şişdi, az qala partlamaq dərəcəsinə çatdı. Xəstəxanaya yatdıq. 12 gün elə bil xəstəxanada deyil, savaş meydanında vuruşdum, həm də mənimlə eyni dərdi paylaşan başqa analarla bilrikdə. Təsəvvür edin, geniş bir palatada onlarla ana və onlarla xəstə uşaqları. Bu qəribə və qorxulu xəstəliyin adını da ilk dəfə orda öyrəndim. Nefrotik sendrom!

1402121_1398895383685971_448453071_o.jpg

O deyirlər ha, ana məhəbbəti bir ümmandır, o, övladının xoşbəxtliyi uğrunda bütün əzablara sinə gərir, hər cür çətinliklərə dözür, od ətrafında fırlanan pərvanə kimi ürəyinin yağını əridir. İnanın ki, bu həqiqətdir. İlk üç gün içində saçlarıma dən düşdü, üzüntüdən, kədərdən məhv oldum. Sonra isə savaş və mücadilə başladı. Həkimlər deyirdi ki, bu cür xəstələrdə 4 uşaqdan biri tamamilə sağala bilir, qalan hamısı ömür boyu "böyrəyini də yanında götürüb" xəstəxanalarda dolaşır, dialezə bağlı yaşayırlar. Bu cümləni eşidər-eşitməz havalandım. Eyni zamanda daxilimdə hiss etdiyim böyük bir güc hərəkətə keçdi. Bütün enerjimi, bütün qüvvəmi bu xəstəliklə mübarizəyə həsr etdim. Həkimlərin göstərişlərini tam diqqətlə dinlədim, bəzi nüansları dəftərdə qeydə etdim, müalicə mərhələlərinə, uşağın qidalanmasına(qidasında sıfır duz olmalıydı) böyük səbirlə düzgün riayət etdim. 12 gün sürən o ağır savaş mərhələsindən sonra nəticələr incələndikdə bizə evə getməyə icazə verildi. Amma bu hələ başlanğıc idi. Əsas müalicə evdə davam etməliydi. Dərmanlar və xüsusi pəhrizlə birlikdə 6 ay. Bəli, mən bu məsuliyyətli işin də öhdəsindən uğurla gələ bildim. Bütün çətinliklərdən könüllü fədakarlıqla keçdim. "Ana qəlbi möcüzələr xəzinəsidir, ananın məsuliyyəti böyük, vəzifəsi müqqəddəsdir" fikrini dərindən dərk etdim.
İllər keçdi, mənlə birlikdə oğlum da yaşa doldu. Keçirdiyi ağır xəstəliyə görə bütün şagirdlər kimi hazırlıq sinfinə gedə bilmədi. Birbaşa birinci sinfə qədəm qoydu. Və...
Və Ceylan ananın yeni, növbəti sınaqları başladı...
Bu dəfə də davranış pozuqluğu, hiperaktivlik deyilən bir diaqnoz qoydular ortaya. Müəllim, direktor tayası bir tərəfdən, valideynlər bir tərəfdən uşağın normal sinifdən çıxarılıb prroblemli sinfə (əqli cəhətdən zəif) keçirilməsini tələb etdilər. Dedim, ey dadi bidad! Yenəmi imtahan?!
Əlimi-qolumu çirmələyib hərəkətə keçdim! Əvvəlcə direktor, müəllim və valideyn komandasını sakitləşdirdim. Psixiatrla işləyəcəyəyimizə, uşağı müalicə edəcəyimizə söz verdim. Bu arada məktəbdə uşağa qarşı zorbalıq başlamışdı. Oyunlardan xaric etmə, səbəbsiz zərbələr, itələmələr, qapazlar, yanlarından uzaqlaşdırmalar və s. İş o yerə gəlmişdi ki, uşaqlar toplu halda oğlumu pilləkəndən yıxıb, üstünə oturmuş, qolunu qırmışdılar. Bu səbəbdən də xəstəxanada bir gün yatdıq, uşaq əməliyyat olundu, qoluna 2 mismar taxıldı. Artıq məktəbə qolu qırıq getdiyi üçün zorbalıqlar nisbətən azalmış, ancaq bitmiş deyildi.
Özümü çarəsiz hiss edirdim. Bu dəfə nəinki bir qadın kimi zəif, bir ana kimi də zəif idim. Nə edəcəyimi, övladımı bu sıxıntıdan necə qurtaracağımı bilmirdim. Bu anda içimdən bir səs dedi ki, uşağın sıxıntılarını özün araşdır, oxu, öyrən və kömək elə! Gecikmədən evdəki kitabları qarşıma tökdüm, psixologiya ilə bağlı nə varsa araşdırmağa başladım. Evimizin kitabxanasında (qayınatamın kolleksiyası) əvvəllər fərqinə varmadığım bir kitabla qarşılaşdım. Görkəmli psixoloq, individual psixologiya nəzəriyyəsinin yaradıcısı, tanınmış avstriyalı həkim, psixoterapevt Alfred Adlerin "İndividual psixologiya" (türk dilində "Bireysel psikoloji"). Həmin kitabı acgözlüklə mütaliə etməyə başladım. Ardından Adlerin digər kitabı "İnsanı tanıma sanatı"nı oxudum. Psixiatrın göstərişlərinə bir-bir əməl edərək oğlumun davranışlarına təsir göstərməyə başladım. Daha doğrusu onu günbəgün öz vəziyyəti, ətraf aləmin ona təsiri haqqında şüurlandırdım. Oğluma onu daha çox nəyin xoşbəxt etdiyini sordum. Pişiklər dedi. Pişiklərlə yaxınlaşmasına şərait yaratdım.

219413555_3011924659049694_7312802078641185014_n (1).jpg

Bununla yanaşı psixiatra da getdik, lazımi testlərdən keçdik. Məlum oldu ki, oğlumun İQ -si heç də məktəbdəkilərin dediyi kimi, "akılsız", "gerizekalı" səviyyəsində deyil, əksinə, onları deyənlərin İQ-dən yüksəkdir, 125 İQ-dir. Sadəcə cüzi miqdarda disleksiya, otizm və hiperaktivlik göstəricisi aləmi qatıbmış bir-birinə, uşaq bunlara nəzarət edə bilmirmiş. Həkim əvvəlki xəstəlikdən müalicənin beynə təsiri ehtimalını da qeyd etdi. Bunları öyrəndikdən sonra içim bir qədər rahatladı. Test nəticələrini əlimə alıb düppədüz məktəbə getdim, direktor və sinif müəllimi ilə görüşüb vəziyyəti başa saldım, danışıq sırasında onların da günahlarını üzlərinə dedim, səbirsizliklərini, bivecliklərini, eqoistliklərini vurğuladım. Bütün bu fəaliyyətim bir işə yaramışdı. Oğlumu sinifdən xaric edə bilmədilər. O da digər normal şagirdlər kimi 4 illik ibtidai sinfini normal qiymətlərlə başa vurdu. Hətta sinif yoldaşları içərisindən biri onunla uzunmüddətli dost qaldı, hazırda da dostluqları davam edir.

147849473_2894630600779101_5522262197676943378_n.jpg

indi oğlum 12 yaşındadır. Bir neçə gün sonra 7-ci sinfə gedəcək. Doğrudur, akademik qabiliyyətlərində qiymətləri orta səviyyədədir, onları xoşlamır, tez sıxılır. Amma texniki qabiliyyətlərinə söz ola bilməz. Beyni dijital düşünür, praktiki zəkası yüksəkdir Maşallah.
Oğlumla problemlərim indi də yox deyil. Məlum məsələ, yeniyetməlik çağında, dəliqanlı vaxtlarıdır. Yenə mücadilə içindəyəm, ancaq əvvəlki stresslərimi nəzarətə almağı öyrənmişəm. Axı bilirəm, analar qüvvətlidir...

198295204_2982980718610755_5607607287525121192_n.jpg

P.S. Həyatla mücadilə-mübarizə sırasında ağlıma gəldi ki, mənim vəziyyətimə düşən başqa analar da ola bilər və onlar da çarəsizlik içində çırpına-çırpına qalanda əllərinin altında ana dilimizdə material olsa yaxşı olar. Odur ki, tənbəllik etmədim, Adlerin həmin o məşhur kitabını da dilimizə tərcümə etdim və İndivid nəşriyyatı kitabı "Sosial maraq" adı ilə çap etdi (Az miqdarda olduğu üçün satışı bitib). Ümid edirəm, həmin zəhmətimi bir də yenidən gözdən keçirərlər, yeni redaktə ilə daha geniş oxucu kütləsinə təqdim edərlər, Azərbaycan oxucusu bu möhtəşəm psixoloqdan faydalanar və maariflənər.

Alfred Adler "Sosial Maraq"

42534618-1822003277912263-916603045247188992-n.jpg

Və hərdən bu sual ətrafında yenidən düşünmədən keçə bilmirəm. Görəsən, sadəcə qadın olsaydım, bütün bu çətinliklərin öhdəsindən gələ bilərdimmi? Dahi yazıçı "Qadınlar zəifdir, analar qüvvətli" deyimi ilə haqlı deyilmi?

90598185_2619522078289956_8853342604096438272_n.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Salam hörmətli həmkarım. Çox həssas, qürurverici, maarifləndirici paylaşımdır. Bir qədər də əsəbləşdim. Cəmiyyətin yersiz hərəkətinə görə.Həqiqətən çox duyğulandım. Bir xahişim olacaq, istər çətin, istərsə də yaxşı xoş günlərinizdə ALLAHA şükür edin. Dərdi də, çarəsini verən də odur. Düzdü günahsız insan yoxdu. Unutmayın ki, günahlarımız qarşılığında ALLAHdan gələn hər bir bəla, sınaq bizim üçün bir hikmətdir. Əsas odur düzgün anlayıb, düzgün dəyərləndirməkdir. Çox heyifki, pedaqoq adına ləkə olacaq o tipli müəllim heyətimiz də var. "Yıxılana balta vuran çox olar" amma düşünmürlər ki, "Məzlumun ALLAHI var, ahı
yerdə qalmaz" Xəstəxanada keçirdiyiniz 12 gün ömrünüzün 20 ilini aparmış. O bəzi "müəllim" heyətinə həm əsəbiyəm həm də yazığım gəlir. Əsəbiyəm ona görə ki, o müqəddəs adı daşıya bilmirlər, layiq deyillər. Yazığım gəlirki, necə də dar düşüncəlidirlər, yaşca böyük olsalar da , dünya görüşləri sıfra yaxındı. Bilmirlər ki, həyat bumeranqdı. Bu günün sabahı da var əlbət. Bu vəziyyətə görə şagirdlərin də o gözəl balanı sıxışdırması mənə heç də təəccüblü gəlmədi.İNŞƏƏALLAH ALLAH Sizə sağlıqlı, gözəl xeyirli ömür nəsib etsin. AMİN. MAŞALLAH olsun ALLAHın Sizə verdiyi güc sayəsində mübarizə apara bildiniz. Hər bir valideynə arzum xeyirli, gözəl, sağlam övlad yetişdirməkdir. AMİN O kitabın pdf formatı var? Açığı mütaliəyə meyilli deyiləm. Amma çox maraqlı gəldi.
Onu da əlavə edim. Qadın zəif yox, ZƏRİF MƏXLUQDU.

Çox duyğulandım. İnşallah böyüyüb sizə, doğmalarına layiqli övlad olacaq oğlunuz😊