Geyşanın memuarları
“İncənət qurban tələb edir” cümləsinin geyşalıq yarandıqdan sonra deyildiyinə inanıram. Çünki, əgər bir qız Geyşa olmaq istəyirsə, hələ uşaq yaşlarından bunun üçün çalışmağa başlamalıdır. Bu da o deməkdir ki, o uşaqlığını qurban verməlidir.
Bu roman Nitta Sayuri adlı geyşanın (Bu ad ona geyşa olduqdan sonra verilmişdir. Əsl adı isə Çiyodur.) real həyat hekayəsidir. Romanda Çiyonun uşaqlığından geyşalığa və bundan sonrakı həyat hekayəsindən bəhs olunur.
Oxuduqda ilk öncə mən də daxil olmaqla bir çoxumuzun yanlış bildiyi geyşalığın əslində nə olduğunu öyrəndim. Geyşa sözünün mənası – incəsənətlə məşğul olan insan deməkdir. Geyşa, kişilərin çay məclisində onlarla söhbət edən, zarafatları ilə əyləndirən, ənənəvi yapon rəqsləri edən, Shimasen musiqi alətində ifa edən qadındır. Çiyo danışdıqca, bu işin həqiqətən də həm mənəvi, həm də fiziki olaraq necə çətin olduğunu anladım. Hadisələrin Yaponiyanın ən gözəl hissələrindən biri olan Kyotoda cərəyan etməsi də əsəri gözəlləşdirən məqamlardan biri idi.
Balıqçılıqla məşğul olan atası və xəstə anası ilə yaşayan Çiyonun hekayəsini oxuduqca onunla birlikdə kiçilib, onunla birlikdə böyüdüm. Oxuyanda, Çiyonun şən olduğu hallarda uşaq ağlıyla anasının xəstə olduğunu unutduğu kimi mən də unudurdum. Yenidən o hissəyə gəldikdə isə, niyəsə vicdan əzabı çəkirdim. Çiyonu özümə çox yaxın hiss etdim. Onun o təsvirlərində tək olmadığımı hiss etdim. Elə vaxtlar olur ki, biz öz ruhumuzla, daxili dünyamızla o qədər iç-içə oluruq ki, oradan qopmaqda çətinlik çəkirik. Bizi nələrinsə ayıltmasına ehtiyac duyuruq. Çiyo da belə halda olarkən buz kimi havanın onu ayıltmağını seçdi və bilmədən taleyini dəyişdirəcək cənab Tanakanı tanıdı. Bəzən həyatımızı Tanaka kimi alt-üst edən insanların sayəsində öz əsl yolumuzu tapırıq. Çiyo kimi....
İnsanların bir çox xüsusiyyəti hələ uşaqkən formalaşa bilir. Və bu formalaşma elə yaşadığımız mühitdən başlayır. Böyüdükcə fərqinə varırıq ki, əslində hansı tərəfdən daha az sevgi görmüşüksə – anadan və ya atadan - böyüyə-böyüyə başqa insanlarda – kişidə, yaxud qadında biz o sevgini, qayğını axtarırıq. Əgər bir insan, xüsusilə bu qadınlarda baş verir, ömrünün hər hansısa bir hissəsində sevgidən məhrum qalıbsa, o, həmişə sevgi axtarışında olur və ən kiçik bir nəzakətli hərəkət, qayğı dolu baxış onun qəlbini riqqətə gətirə bilər. Bəlkə elə Çiyo da buna görə öz dövrünün ən yaxşı geyşası oldu.
Geyşalar sevə bilməz.... Bunu onlara qadağa etmək olardı, amma ürəklərinə yox.... Çiyonun əlçatmaz sevgisi onu həyata bağladı. İnsanın həyatını heç bir şey demədən, heç nə etmədən, sadəcə var olmaları ilə dəyişən insanlar mövcuddur. Onların yol göstərməyi, nə isə mühazirə oxumağı lazım deyil. Sadəcə o insanı tanımaq bəzən öz yolumuzu cızmağa kifayət edir...
Yaşadığımız müddətdə ürəyimiz və beynimiz arasında olan mübarizədə öz seçimimizi etməli oluruq. Çiyo bütün geyşalıq həyatı boyunca bu seçim arasında qaldı. Əslində ürəyi bu seçimdən əmin idi və heç vaxt da dəyişmədi. Lakin, biz axı dedik, geyşalara sevmək qadağandır...
Filminin uğurlu olduğunu düşünərək, oxuduqdan sonra baxdım. Lakin hadisələrin çox hissəsinin dəyişdirilmiş olmasına çox məyus oldum.