Bir qısmat çörəh.

in hive-131355 •  3 years ago  (edited)

Salam, axşamınız xeyir. Bu postun adını "Bəni Adəmin çörəklə sınanması" da qoymağı düşünmüşdüm. Bu günlər rəsmən çörəklə sınağa çəkilirik deyə bilərəm. Dekabrın son həftəsində maaşların 20 faiz artmasını eşidəndə çox da sevinmədik. Bu 20 faizin bir qapaz kimi başımıza enəcəyini bilirdik. Necəsə bura Azərbaycandı. Və biz bunun fərqindəyik. Bizim bu barədə dastanlara sığmayacaq qədər acı təcrübəmiz var. Sadəcə o qapazın, əslində yumruq da deyə bilərəm, hansı istiqamətdən gələcəyini bilmirdik. Qapaz çox sürpriz bir yerdən gəldi. Əppəyimizi çıxarıb ceyran belinə qoydular.

IMG-20220104-WA0024.jpg

Biz çörək yeyən millətik. O qədər qulağımızın dibində bağırsınlar ki, ziyandı, xolesterindi, artıq çəkidi, ağır yükdü, Avropa insanı çörək yemir - zad, qulağımıza girmir. Süfrəmizə naz nemət düzülsə belə, orda quş südü, can dərmanı olsa belə, çörək yoxdusa biz acıq deməkdi. Biz çörəyi müqəddəsləşdirmişik. Yerə düşəndə öpüb gözümüzün üstünə qoyarıq. Hələ dədə babalarımız neçə dənə ləyax lazıma da uydurublar çörəklə bağlı. Guya çörəyi tək əllə kəsməzlər. Falan filan.

IMG-20220104-WA0025.jpg

Mənim dərdim həyətimdəki heyvanlardı. Hər gün 4 çörək onlar yeyir, 2 çörək də biz, yəni ev xalqı. Mən itlərimə, pişiyimə çörəyin bahalaşdığını necə izah edə bilərəm ki? Təbii ki, onları dieta saxlamağa ikna da edə bilmərəm. Hal hazırda fakt ondan ibarətdi ki, bu gün qəsəbə marketlərinə zavod çörəyi gəlmədi. Adi təndir çörəyi də 60 qəpiyə. İtlərimə evdə olan çörəyi yığışdırıb verdim. Özümüzə də qreçka bişirdim. Sabaha da Allah kərimdi. Bəlkə də qaytardılar...

246961.jpg
P. S. Çörək bol olarsa basılmazmış Vətən.
@nurengizbagirova

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!